Yanacaq Dispenserlərinin üzərindəki reklamların YDM-lərə təsiri
Avropanın yanacaqdoldurma məntəqələri struktur dəyişiklikləri ilə üzləşir. Yanacağın birbaşa satışından əldə edilən mənfəət 4-10% arasında dəyişdiyi halda, yanacaqdankənar pərakəndə satış ümumi mənfəətin təxminən 40%-ə qədərini təşkil edir. Bu, yanacaq doldurma məntəqəsi sahiblərini məntəqənin hər bir kvadrat metrini daha səmərəli istifadə etmək barədə düşünməyə vadar edir.
Yanacaq dispenserlərində reklam yerləşdirilməsi əlavə gəlir əldə etmək üçün ən əlçatan və effektiv üsullardan biri kimi önə çıxır. Dispenseri rəqəmsal platformaya çevirməklə məntəqə sahibləri mühüm bir anda müştərinin diqqətini çəkə və onların davranışlarına təsir edə bilirlər.
Gözləmə vaxtının ziyarətə çevrilməsi
Yanacaq doldurma məntəqəsi müştəriləri dispenser qarşısında adətən 2-3 dəqiqə sərf edirlər. Bu, hədəfli reklamlar vasitəsilə müştəri ilə ünsiyyət qurmaq üçün dəyərli bir şans yaradır. Dispenser ekranlarında real vaxt rejimində təqdim edilən təkliflər - məsələn, qəhvə dəstləri, qəlyanaltı endirimləri və ya mükafat proqramları - müştəriləri məntəqədə yerləşən mağazaları ziyarət etməyə sövq edir.
Artıq bəzi məntəqələrdə günün vaxtına, hava şəraitinə və ya dispenserdə müştərinin davranışına əsaslanan hədəfli mesajlaşma üsulu tətbiq edilib və nəticədə mağazalara müştəri cəlbetmə göstəriciləri əhəmiyyətli dərəcədə artıb.
Yanaşı xidmətlər haqqında məlumatın verilməsi
Avto yuma, avto servis və qida xidmətləri kimi yanacaqdankənar xidmətlər bir çox məntəqədə yetərincə müştəri cəlb edə bilmir. Lakin bu xidmətlər dispenser ekranları vasitəsilə reklam edildikdə onların istifadəsi əhəmiyyətli dərəcədə arta bilər.
Çox zaman müştərilər digər xidmətlərin mövcudluğunu unudurlar. Dispenser ekranları bu xidmətlər ilə bağlı xatırlatmalar edərək görünürlüyü artırır və nəticədə müştərilərin digər xidmətlərdən faydalanmasına gətirib çıxarır. Belə ki, dinamik media vasitəsilə xidmətlər və endirimlər reklam edildiyi bölgələrdə yanacaqdankənar xidmətlər üzrə satışlar 32% artım nümayiş etdirir. Bəzən yanacaq doldurma məntəqələri ekranlarda göstərilən reklamları mobil təkliflərlə əlaqələndirir və istifadəçilərə QR kodlar və ya URL-lər vasitəsilə ödəniş imkanları təqdim edirlər.
Fiziki və rəqəmsal təcrübələr arasında körpünün qurulması
Yanacaq doldurma sektoru rəqəmsallaşmaya doğru irəlilədikcə, dispenser reklamları fiziki və rəqəmsal müştəri təcrübələri arasında körpü rolunu oynayır. Məzmun müştərinin dispenserdə davranışına və ya günün vaxtına əsasən fərdiləşdirilə bilər.
Şəbəkə səviyyəsində media platformalarını dispenserlərə inteqrasiya edən məntəqələr daha dinamik və məlumatlara əsaslanan bir pərakəndə satış modeli üçün zəmin hazırlayır. Belə ki, bu model fərdiləşdirilmiş kampaniyalar təqdim edir və müştəri təcrübəsini yaxşılaşdırmaqla, məntəqəyə əlavə gəlir imkanları yaradır.
Yanacaq doldurma dispenserinin satış nümayəndəsinə çevrilməsi
Dispenser artıq sadəcə yanacaq paylayıcı deyil, o həmçinin müştəri ilə təmas nöqtəsidir. Yanacaq marjaları azalmağa davam etdikcə və mobillik nümunələri dəyişdikcə, geniş kommersiya strategiyasının bir hissəsi kimi nasos mediasını tətbiq edən məntəqələr daha rəqabətli mövqeyə malik olurlar. Bu, yalnız daha çox qəhvə və ya avtomobil yuyulması xidmətləri satmaqdan yox, həm də hər bir ziyarəti daha dəyərli etməkdən ibarətdir.